Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirildi

25.06.2019

23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirildi. “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq gerçəkləşən festivalın baxış-seçim mərhələsi bu ilin aprelində paytaxtda və respublikanın bölgələri,  regionları üzrə şəhər və rayonlarda təşkil olunmuşdur.

Ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət qazanıb. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrlarıdır.

İyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz kollektiv hazırladıqları səhnə əsərlərini təqdim etdi. Yekun mərhələdə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək. Qeyd edək ki, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimovun rəhbərlik etdiyi münsiflər heyətinə Əməkdar artist, aktyor və bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayıloğlu və başqaları daxildir. Münsiflərlə bərabər teatrsevərlərin də izlədikləri tamaşalar maraqla qarşılandı.

Final mərhələsinin birinci baxış günü əvvəlcə İsmayıllı rayon Xalq teatrının Qarabağ, vətənpərvərlik, müharibə mövzusunda “Əsgər papağı” (əsərin müəllifi Elnurə Abdullayeva) tamaşası, Qəbələ Xalq teatrının və Beyləqan rayon Xalq teatrının “Göyçək Fatma” Azərbaycan xalq nağılı əsasında fərqli yozumlarda hazırladıqları tamaşaları, Şabran rayon Xalq teatrının təqdimatında Qarabağ xanlığının tarixindən bəhs edən “Hökmdar və qızı” (İlyas Əfəndiyev) tamaşası nümayiş olundu.

Ardınca Zaqatala Xalq teatrının klassik komediya nümunələrimizdən olan “Beş manatlıq gəlin”ə (Məmməd Səid Ordubadi), Masallı rayon Xalq teatrının çağdaş insanın, xüsusən qadınların problemlərini ön plana çıxaran “Qaçqın gəlin” (İbadulla Hüseynzadə) adlı psixoloji-sosial səhnə işi, özünəməxsus ənənələri olan Şərur Xalq teatrının (Naxçıvan Muxtar Respublikası) təqdimatında A.Puşkinin “Motsart və Salyeri” birpərdəli dramı izlənildi.

Füzuli Xalq teatrının “Xocalı harayı” tamaşası bəşər tarixinin ən qanlı hadisələrindən olan, qan yaddaşımıza əbədi həkk edilmiş olan soyqırımından bəhs edirdi. İlk günün sonuncu tamaşası isə Yevlax Xalq teatrının yazıçı Pərvinin birpərdəli pyesi əsasında hazırladığı “Qadınlar” oldu.

Nümayiş olunan səhnə işləri rəngarəngliyi və quruluş həlləri ilə diqqət çəkdi. Hər nümayişin ardınca yaradıcı heyətləri tamaşa salonuna dəvət edən münsiflər heyəti oyun üslubu, səhnə manevrləri, quruluş elementlərindəki müvafiq ştrixlər barədə fikirlərini bildirib, tövsiyələrini verdilər.