22.06.2019
22 iyun 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan şair” başlığı altında tədbir keçirilib. Mərkəzi kitabxananın və Masallı yazarlarının “Göy Qurşağı” ədəbi məclisi ilə birgə təşkil edilən tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2019-cu ilin Nəsimi ili elan edilməsi şairin ədəbi irsinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu sərəncama uyğun olaraq şairin yubileyi il ərzində bütün ölkə ərazisində silsilə tədbirlərlə qeyd olunur. Sonra çıxış edən şair Xanəli Toliş Nəsiminin Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı dünya miqyaslı şair olduğunu, onun zəngin yaradıcılığının hər hansı çərçivəyə sığmadığını diqqətə çatdırıb. Tədbir iştirakçılarından Məmmədağa Dadaşov, Nazim Qərib, Rafiq Məmməd, Bahadur Şıxlar, Qəhrəman Tovuzlu, Allahverdi Bayrami və başqaları çıxış edərək Nəsiminin əsərlərindəki mövzuların bütün dövrlər üçün aktual olduğunu bildiriblər. Dünya ədəbiyyatı və fəlsəfi fikrində misilsiz rol oynayan Nəsimi ümumbəşəri dəyərləri tərənnüm edib, insan azadlığını ön plana çıxarıb. Qeyd olunub ki, o əsərlərində insanı aliləşdirir, əbədiləşdirir. Nəsimi eyni zamanda Azərbaycan dilində fəlsəfi şeirin mükəmməl nümunələrini yaradıb. O, həqiqət yolçusudur, başdan-başa fəlsəfədir. Böyük şairin yaradıcılığını daha yaxşı dərk etmək üçün çox oxumaq lazım olduğu vurğulanıb. Sonra ədəbi məclisin üzvləri tərəfindən şairin şeirləri oxunub, əsərləri ilə bağlı müzakirə və təhlillər aparılıb.