Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “İnsan hüquqları aylığı” çərçivəsində konfrans təşkil olunub

16.06.2026

İyunun 16-da Lerik Rayon İcra Hakimiyyəti və rayonun mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində “İnsan hüquqlarının təminatı müasir Azərbaycanın prioriteti kimi” mövzusunda konfrans keçirilib. Konfransda Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət və təhsil işçiləri, rayon ictimaiyyətinin üzvləri və fəal gənclər iştirak ediblər. Çıxışlarda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti, qanunun aliliyinin təmin olunması, vətəndaşların əmək və sosial hüquqlarının qorunması, yerli idarəetmədə insan hüquqlarının təminatı, eləcə də şəhid ailələri, müharibə əlilləri və veteranlara göstərilən dövlət qayğısı barədə məruzələr dinlənilib. Çıxışlarda həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, onların hüquq və vəzifələrini dərindən mənimsəməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda “İnsan hüquqları” mövzusunda videoçarx nümayiş olunub.