19.05.2026
Mayın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə “Mədəni irsin qorunması və təbliği” mövzusunda təlim-seminar keçirilib. Təlimdə mədəniyyət işçiləri, gənclər, muzey əməkdaşları iştirak edib. Təlim zamanı bildirilib ki, milli-mədəni irsin qorunması yalnız tariximizin yaşadılması deyil, eyni zamanda gənc nəslin milli kimlik ruhunda formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Təlim-seminarda Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin təbliği, tarixi abidələrin qorunması, muzeylərin maarifləndirici rolu və mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılara mədəni irsin təbliğində müasir informasiya texnologiyalarının və sosial media platformalarının rolu barədə məlumat təqdim olunub, bu sahədə innovativ yanaşmaların tətbiqinin vacibliyi diqqətə çatdırılıb. Təlim çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, mövzu ətrafında müzakirələr təşkil edilib və onları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılar Masallı Dövlət Rəsm Qalereyası tərəfindən Heydər Əliyev Mərkəzində təşkil olunan əl işlərindən ibarət sərgiyə baxış keçirib.