15.05.2026
Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib. Sərgi kitabxananın həyətində, açıq hava şəraitində təşkil olunub və oxucular tərəfindən maraqla qarşılanıb. Açıq məkanda keçirilən tədbir iştirakçılar üçün daha səmimi və rahat mühit yaradıb. Sərginin əsas məqsədi oxucuları Azərbaycanın zəngin memarlıq irsi, müasir şəhərsalma mədəniyyəti və bu sahədə əldə olunan nailiyyətlərlə yaxından tanış etmək olub. Tədbirdə kitabxana fondundan seçilmiş nəşrlər “Əcəmi Naxçıvani – 900”, “Azərbaycan memarlığı” və “Müasir memarlıq” başlıqları altında nümayiş etdirilib. Tədbir iştirakçılarına Möminə xatun türbəsi və Yusif ibn Küseyir türbəsi kimi nadir memarlıq abidələri barədə ətraflı məlumat verilib, onların milli-mədəni irsimizdəki xüsusi yeri vurğulanıb. Sərgidə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və “Ağıllı şəhər” layihələri barədə məlumatlar da təqdim olunub. Bu mövzular xüsusilə gənc oxucuların böyük marağına səbəb olub.