01.05.2026
Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Masallı Kitab Festivalı – 2026”ya start verilib. Aprelin 30-dan başlayan festival rayon sakinləri və kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də festivalda fəal iştirak edir. Qurum tərəfindən müxtəlif mövzuları əhatə edən zəngin kitab sərgisi təşkil olunub. Sərgidə klassik və müasir ədəbiyyat nümunələri ilə yanaşı, yeni nəşrlər də oxucuların ixtiyarına verilib. Festival iştirakçıları təqdim olunan kitablarla yaxından tanış olmaq, müəlliflər və nəşriyyat nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər. Bu cür tədbirlər bölgədə oxu mədəniyyətinin inkişafına və ədəbiyyata marağın artırılmasına mühüm töhfə verir. Qeyd edək ki, “Masallı Kitab Festivalı – 2026” mayın 2-dək davam edəcək.