28.04.2026
Lənkəran rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gözlərə nur, qəlblərə ümid bəxş edən alim” adlı tədbir keçirilib. Tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, məktəblilər və kitabxana əməkdaşları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Çıxışlarda akademik Z. Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri, onun humanist fəaliyyəti və zəngin elmi irsi xüsusi vurğulanıb. Qeyd olunub ki, alimin oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlər bu gün də aktuallığını qoruyur və onun həyat yolu gənc nəsil üçün elmə bağlılıq və vətənə sədaqət nümunəsidir. Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər səsləndirilib, sonda xatirə fotosu çəkdirilib.