10.06.2019
10 iyun 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında “Uşaqların hüquqlarını qoruyaq” başlığı altında tədbir keçirilib. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov belə tədbirirlərin keçirilməsində məqsədin cəmiyyətin diqqətini uşaqların qarşılaşdığı problemlərə yönəltmək, uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər haqqında məlumatlar çatdırmaq olduğunu bildirib. Sonra məruzə ilə çıxış edən Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin müdiri Rəşad İsmayılov vurğulayıb ki, respublikamızda uşaq hüquqlarının müdafiəsi həmişə ön planda olmuş, məhz bu məqsədlə ölkə başçısının 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd olunub ki, Komitə tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı ilə xüsusi tədbirlər təşkil olunur. Son illər yeni doğulmuş uşaqların valideynləri tərəfindən atılması, məişət zorakılığına məruz qalması hallarına yol verilir. Dövlət orqanları valideyn hüquqlarından məhrum olmuş, eləcə də valideynləri tərəfindən zorakılığa məruz qalan uşaqları lazımi müəssisələrdə, eləcə də, internat məktəblərində yerləşdirməklə onların həm sağlamlığını, həm də təhsil almasını, gələcəyin layiqli kadrları kimi yetişməsini təmin edir. Diqqətə çatdırılıb ki, xalqın gələcəyi və cəmiyyətin sabahı olan uşaqların hüquqlarının qorunmasında birinci növbədə məsuliyyət valideynin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir.