16.04.2026
Cəlilabad rayon Mərkəzi Kitabxanasında memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon ADPU-nin Cəlilabad filialının tarix müəllimi, tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə, tarixçi-tədqiqatçı Rza Rzayev, eləcə də Cəlilabad rayon Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib. Çıxışlarda Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq tarixində xüsusi yer tutduğunu, Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, onun yaratdığı Möminə Xatun türbəsi və Yusif ibn Küseyir türbəsi Şərq memarlığının nadir nümunələri olmaqla yanaşı, bu gün də öz estetik və elmi dəyərini qoruyub saxlayır.
Çıxışlarda həmçinin vurğulanıb ki, Əcəmi Naxçıvaninin yaradıcılığı memarlıq sənətində riyazi dəqiqliklə bədii düşüncənin vəhdətini əks etdirir və onun irsi Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Tədbir mövzuya dair fikir mübadiləsi və videoçarxın nümayişi ilə davam etdirilib.