11.04.2026
Astara rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsini yad ediblər. Tədbir zamanı Qəhrəmanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. Anım mərasimində Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək Pəncəli Teymurovun keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sonsuz sevgisindən və göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib. Eyni zamanda, Milli Qəhrəmanın ev muzeyi ziyarət olunub. Sonda mərkəzin rəsm dərnəyinin üzvlərinin hazırladıqları şəhidin portreti anasına təqdim olunub.