19.03.2026
Astara rayon Heydər Əliyev Mərkəzi və Astara rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Toradi kənd diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə Surəddin Əliyevin “Zəfər yolunun qəhrəmanları” kitabının təqdimatı keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun ümumtəhsil məktəblərinin direktorları, mədəniyyət işçiləri, ziyalılar və şairlər iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən mərkəzin direktoru Kübra Səmədova bildirib ki, Surəddin Əliyevin “Zəfər yolunun qəhrəmanları” kitabında hal-hazırda təqaüddə olan Xüsusi Təyinatlı Qüvvələrin canlı əfsanəsi Şərafəddin Xankişiyevin döyüş yolu və göstərdiyi igidliyi ustalıqla işıqlandırır. O əlavə edib ki, əsər bütövlükdə qəhrəmana həsr olunub. Təqdimat proqramı çərçivəsində mövzu ilə bağlı çıxışlar dinlənilib, iştirakçılar kitab haqqında fikirlərini bölüşüblər. Həmçinin əsərin mövzusunu əks etdirən videoçarx nümayiş etdirilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.