Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə Novruz şənliyi keçirilib

18.03.2026

Martın 17-də Lerik Rayon İcra Hakimiyyəti və Lerik rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Bayram tədbiri mədəniyyət mərkəzinin qarşısındakı meydanda təşkil olunub. Tədbirdə Milli Məclisin deputatı Vasif Qafarov, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri, şəhid ailələri, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şənlik çərçivəsində əvvəlcə bayram tonqalı alovlandırılıb. Ardınca milli musiqi sədaları altında uşaq rəqs kollektivlərinin ifaları təqdim olunub, Novruzun əsas atributlarından olan Kosa isə qonaqlarla yumurta toqquşduraraq tədbirə xüsusi ab-hava qatıb. Daha sonra bayram tədbiri mədəniyyət mərkəzinin zalında davam etdirilib. Burada çıxış edən rəsmi şəxslər Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edərək bu bayramın xalqımızın milli birlik və həmrəyliyinin təcəssümü olduğunu vurğulayıb, hər bir ailəyə firavanlıq, bolluq və xoşbəxtlik arzulayıblar. Sonda tədbir tanınmış musiqiçilərin, “Nənələr” folklor ansamblının və “Halay” rəqs qrupunun iştirakı ilə təqdim olunan rəngarəng konsert proqramı ilə başa çatıb.