31.05.2019
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Masallıda da bayram sevinci ilə qeyd olunub.
Mayın 31-də Heydər Əliyev Parkında keçirilən tədbirdə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Bayram şənliyində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, onlara cansağlığı, firavan həyat, dərslərində nailiyyətlər arzulayıblar.Tədbir parkdakı yay səhnəsində maraqlı konsert proqramı ilə davam edib.N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin,
Masallı rayon Heydər Əliyev Mərkəzinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii özfəaliyyət kollektivləri və rayon məktəblilərinin, eləcə də uşaqların nümayiş etdirdikləri səhnəciklər, səsləndirdikləri şeirlər, rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.