25.02.2026
Fevralın 24-də Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Paradoks Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tarixin Qan Yaddaşı” adlı tədbir keçirilib. Tədbirdə qazilər, rayon ziyalıları, hər iki qurumun əməkdaşları iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, Xocalı soyqırımının günahsız qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə MKS-nin metodisti Müşahidə Nərimanova açaraq bildirib ki, Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 34 il ötür. Qeyd olunub ki, faciə zamanı dinc sakinlər amansızlıqla qətlə yetirilib, insanlar əsir və itkin düşüb, tarixi-mədəni abidələr məhv edilib. Çıxış edən Vətən müharibəsi qazisi Vüsal Muradzadə, ADPU-nun tarix müəllimi Ələsgər Mirzəzadə və Paradoks Tədris və İnkişaf Mərkəzinin rəhbəri Mənzilə Rəhimova vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsinə siyasi qiymət verib və hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bir çox ölkədə uğurla davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nəticələr əldə olunduğu diqqətə çatdırılıb.