02.12.2017
Masallı rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
"Masallı Otel"də keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri və əlillər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
Əlil anaları Anaxanım Ağayeva, Nazilə Hüseynova əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları idman yarışlarında uğurlu nəticələrinə görə İlkin Hüseynovu təbrik etmişlər.
Bayram süfrəsi ətrafında Əlillər gününə həsr edilmiş tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının çıxışı ilə davam etdirilib.