Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Mədəniyyət Mərkəzindəİmadəddin Nəsimiyəhəsr olunmuş geniş tədbir keçirilib

20.05.2019

            Mayın 20-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsiminin anadilli yaradıcılığı; Azərbaycan-türk ədəbi-bədii dili kontekstində”adlı tədbir keçirilib. Tədbirdə ziyalılar, ədəbi xadimlər, mədəniyyət işçiləri, kollec tələbələri və digərləri iştirak edirdi.

            Tədbiri giriş sözü ilə açıq elan edən Mərkəzin direktoru Vəkil İsmayılov, İ. Nəsiminin faciəli həyatı, yaradıcılığının mövzu dərinliyi və bədii-estetik xüsusiyyətləri haqqında ətraflı çıxış etdi. O, həmçinin əlavə etdi ki, İ. Nəsimi qüdrətli şair olmaqla yanaşı, həm də dilimizin formalaşmasında özünəməxsus rola malik olmuşdur. Onun anadilli yaradıcılığı dilimizin təkamül zəncirində ən əhəmiyyətli həlqələrdən biri, bəlkə də birincisidir. “Nəsimiyə qədər bizim coğrafiyada türk dilli ədəbiyyat yaranır, inkişaf edirdi. Lakin, İ. Nəsiminin türk dilində yazdığı şeirlər bu günki Azərbaycan-türk dili ilə xeyli dərəcədə səsləşir. Ona görə də, məhz, Nəsiminin anadilli yaradıcılığı ədəbi dilimizin formalaşması və inkişafı tarixinin başlanğıcı hesab olunmalıdır”.

            Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (Mərkəzi Kitabxana) direktoru Ələddin Nəzərov böyük şairin əsərlərinin tədqiqi və dərc olunması, şairin xarici dövlətlərin əlyazma fondlarında qorunan əsərləri haqqında söhbətaçdı. Vurğuladı ki, İ. Nəsiminin ədəbi irsinə maraq hələ ötən əsrin əvvəllərində yaranıb və bu işlə bir sıra görkəmli ədəbiyatşünas alimlər məşğul olub. Ə. Nəzərov onu da qeyd etdi ki, böyük şairin bir sıra əlyazmaları bu gün də xarici dövlətlərin fondlarında qorunub saxlanılır. Onların ölkəyə gətirilməsi, tədqiqi və dərc edilməsi “Nəsimi İli”də Nəsimişünaslığın inkişafına böyük töhfə olardı.

            Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev isə şairin ana dilində qələmə aldığı əsərlərinin üslub və məzmunu, şeirlərindəki bədii obrazların poetik təsviri və s. haqqında danışdı. O, vurğuladı ki, İ. Nəsimini bir neçə prizmadan dəyərləndirmək olar: ”o, həm mükəmməl şairdir, həm dilimizdə yazıb, həm də büyük mütəfəkkirdir. Bütün bunlarla yanaşı,  şeirlərindəki obrazların əlvan bədii boyalarla təsviri və yüksək poetik həlli xususilə təsirlidir”.

            Digər çıxışçılar böyük şairin həyatı, anadilli yaradıcılığı, eləcə də şairlə bağlı digər maraqlı məqamlara toxundular. Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələri İ. Nəsiminin şeirlərindən parçalar səsləndirdilər.