23.12.2025
Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı bölməsinin birgə təşkilatçılığı ilə 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Konfransı giriş nitqi ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva il ərzində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətindən, gənclərlə iş sahəsində görülən işlərdən və qarşıda duran prioritet hədəflərdən bəhs edib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Masallı rayonu üzrə nümayəndə Salman Yunusov gənclərin mədəni inkişafında bu cür təşəbbüslərin rolunu vurğulayıb. GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov çıxış edərək regional səviyyədə gənclərlə həyata keçirilən layihələr, onların sosial, şəxsi və karyera inkişafına verdiyi töhfələr haqqında məlumat verib. Konfransda, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Asim Yusifov çıxış edərək dövlət–gənclər siyasəti çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini qeyd ediblər. Sonra GİKM-in Masallı bölməsinin rəhbəri Orxan Əliyev və Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş layihələr, təlimlər, tədbirlər və əldə olunan nəticələr üzrə ətraflı hesabat təqdim olunub. Hesabat konfransı çərçivəsində il ərzində fəallığı ilə seçilən gənclərə sertifikatlar və təşkilatçı qurumların fəaliyyətinə göstərdikləri dəstəyə görə media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.