29.10.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun dəstəyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən ənənəvi “Uşaq Hüquqları aylığı” çərçivəsində “Rəqəmsal dövrdə uşaqlar və hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbində təşkil olunub. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, həmçinin müvafiq qurumların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva tədbirin məqsəd və əhəmiyyətindən danışaraq qeyd edib ki, müasir dövrdə uşaqların hüquqlarının müdafiəsi, xüsusilə də rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi mühüm zərurətə çevrilmişdir.
Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək vurğulayıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki zamanda uşaqların internet mühitində hüquqlarının qorunması, şəxsi məlumatların məxfiliyinin təmin olunması və kibertəhlükələrdən müdafiəsi sahəsində maarifləndirmə işləri prioritet istiqamətlərdəndir.
Daha sonra Boradigah 1 saylı tam orta məktəbin direktor əvəzi İlham Ağayev və məktəb dən kənar, sinifdən xaric təşkilatçı müəllim Niftullayeva Nəzifə isə çıxışlarında məktəbin bu kimi təşəbbüsləri yüksək dəyərləndirdiyini, şagirdlərin hüquqi biliklərinin artırılması və sağlam mənəvi dəyərlərlə formalaşması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Tədbir zamanı iştirakçılar “Rəqəmsal dövrdə uşaqlar və hüquqlar” mövzusunda təqdimatla tanış olub, mövzu ətrafında interaktiv müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.
Sonda qeyd olunub ki, Uşaq Hüquqları aylığı çərçivəsində həyata keçirilən bu kimi tədbirlər uşaqlarda hüquq mədəniyyətinin formalaşmasına, onların sosial aktivliyinin və hüquqi savadlılığının artırılmasına mühüm töhfə verir.