06.05.2019
Mayın 6-da Cəlilabad şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert proqramı keçirilib.
Konsert tədbirində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov iştirak etmişdir. Bununla yanaşı, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, yerli ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, müəssisə və təşkilatların nümayəndələri və yerli sakinlər iştirak edirdi.
Tədbirdə ilk olaraq çıxış edən ziyalılar, yerli rəsmilər və digərləri görkəmli dövlət və siyasi xadim, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən geniş şəkildə bəhs etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Heydər Əliyev tariximizin həm sovet, həm də müstəqillik dönəmlərində ölkəyə uğurla rəhbərlik etmiş, dərin siyasi bilik və bacarığı, istedad və böyük siyasi təcrübəsi sayəsində ümummilli problemlərin öhdəsindən layiqincə gəlmişdir. Məhz, Heydər Əliyevin siyasi məharəti və liderliyi altında ölkədə uğurlu neft strategiyası, iqtisadi-sosialinkişaf proqramları, eləcə də regional enerji və nəqliyyat layihələrinin əsası qoyulmuşdur. Bu baxımdan, görülən məqsədyönlü tədbirlər xalqımızın sosial və mənəvi inkişafını şərtləndirən əsas amillərdən hesab olunmalıdır. Həmçinin o da vurğulanmışdır ki, iqtisadi layihələrin reallaşması dövlətin siyasi və hərbi cəhətdən güclənməsinə, milli təhlükəsizliyimizin və ölkədaxili ictimai-siyasi və sosial sabitliyin yüksək səviyyədə təmin edilməsinə böyük imkanlar yaratmışdır. Əlavə olunmuşdur ki, ümummilli lider tərəfindən əsası qoyulmuş siyasi kurs, bu gün də uğurla davam etdirilməkdədir.
Çıxışlardan sonra səhnə incəsənət ustalarının ixtiyarına verilmişdir. Çıxış etmiş Respublikanın Xalq artistləri, görkəmli sənətçilər Ağadadaş Ağayev, Sabir Əliyev, Niyaməddin Musayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər, o cümlədən Lalə Məmmədova, Səidə Şərifəliyeva, Könül Kərimova, həmçinin, İzzət Bağırov, Əlikram Bayramov, Yusif Mustafayev, Rövşən Əziz, Xatun Əliyeva, “Muğam televiziya müsabiqəsi”nin laureatları, gənc və istedadlı xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyeva və başqalarının ifa etdikləri şən musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Bununla yanaşı, yerli sənətçilər Fərid Hacıyev və Cəfər Əliyev, habelə N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solist və rəqs kollektivləri, o cümlədən istedadlı sənətçi Miriş Hüseynov, “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupunun parlaq çıxışları iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vurulmuşdur.