29.10.2025
Lerik Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı və Lerik rayon Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə oktyabrın 29-da Lerikdə ilk dəfə “Lerik Eko Festivalı” keçirilib.
Festivalda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, mədəniyyət işçiləri, respublikanın digər şəhər və rayonlarından gəlmiş turistlər və rayon ictimaiyyəti iştirak edib.
Festivalın əsas məqsədi yerli turizm məhsullarını tanıtmaq, kənd turizminə dəstək olmaq, bölgə adət-ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda ekoturizm və aqrobiomüxtəliflik ehtiyatlarının inkişafına və fermerlərin turizm sahəsində fəaliyyətlərinə töhfə verməkdir.
Festivalda cənub bölgəsinin turizm, o cümlədən eko və aqroturizm imkanları üzrə sərgi, yerli istehsalçı və fermerlərin məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin, o cümlədən mədəniyyət sahəsində çalışanların əl işləri yarmarkası keçirilib.
Ziyarətçilər festivalda həm regionun ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq, həm də Lerikin turizm potensialını daha yaxından tanımaq imkanı əldə ediblər.
Tədbir musiqili hissə və mədəniyyət mərkəzinin folklor kollektivlərinin çıxışları ilə yekunlaşıb.