29.10.2025
Oktyabrın 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kollecinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş “Gənclik və Hüquq” adlı tədbir keçirilib.
Kollecdə keçirilən tədbirlərdə təşkilatçı müəssisələrin nümayəndələri gənclər və tələbələr iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Masallı Dövlət Regional Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova qeyd edib ki, Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla, hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir. Suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir.
Sonra çıxış edən Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyil belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə təsadüf edir. “Konstitusiya” sözü latın mənşəlidir və Azərbaycan dilinə tərcümədə “quruluş”, “təsisat” mənalarını verir. Müasir anlayışda isə bu, dövlətin ali və ən yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanunu deməkdir.
Daha sonra muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev çıxış edərək bildiriblər ki, Müstəqillik və suverenlik hər bir millətin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir xalqın müstəqillik salnaməsi və suverenlik yolu onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq formalaşır və yaşadılır.