03.05.2019
Mayın 3-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də nazirliyin regional mədəniyyət idarələrinin iştirakı ilə ölkəmizdə ikinci dəfə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Masallı olub. Xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsi məqsədilə keçirilən festivalda regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərənfolklor musiqi və rəqs qrupları, incəsənət və bədii özfəaliyyət kollektivləri, yeniyetmə və gənclərdən ibarət musiqi və rəqs ansanblları, müxtəlif sənət və xalq sənətkarlığı növlərinin təmsilçiləri iştirak edirdi.
Masallı Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyinin qarşısında başlanan festivalda Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, eləcə də digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, yerli ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yerli sakinlər vəqonaqlar iştirak edirdi. Festivalda ilk olaraq, regional idarələrin incəsənət kollektivlərinin iştirakı ilə parad keçirilib. Sonra isə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yürüş təşkil edilib. Bayraq Meydanından start götürən və Masallı ASAN Həyat kompleksinin qarşısında yekunlaşan yürüşdə folklor musiqi qruplarının müşayətilə incəsənət kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Burada Festival iştirakçıları sərgi çadırlarında nümayiş olunan çeşidli incəsənət və xalq sənətkarlığı nümunələrinə baxış keçirdilər. Müxtəlif regional idarələri təmsil edən çadır-ekspozisiyalardakıxalq sənətkarlığı növləri, o cümlədən misgərlik, dulusçuluq, həsirçilik, ağac üzərində bədii oyma və bədii tikmə nümunələri, milli ornamentlərlə bəzədilmiş məişət və bəzək əşyaları, suvenirlər, yağlı boya ilə işlənmiş rəsm əsərləri, toxuculuq, o cümlədən ipək parça məmulatları, kəlağayı və xalçaların özünəməxsus hazırlanma texnikası və material müxtəlifliyi, gözoxşayan naxış və bəzək elementlərinin zənginliyi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Festivalın bədii hissəsi axşam saatlarında Masallı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında keçirildi. Respublikanın tanınmış incəsənət ustalarının musiqi ifalarından sonra, səhnəyə regional idarələrin incəsənət kollektivləri dəvət olundu. Konsert proqramında çıxış edən folklor musiqi və rəqs ansanblı, bədii özfəaliyyət qrupları, yeniyetmə və gənclərdən ibarət musiqi və rəqs kollektivlərinin bir-birindən seçilən və rəngarəng ifalarıfestival iştirakçılarının alqışları ilə qarşılanıb. Bununla yanaşı, N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin instrumental musiqi və solo ifaçıları, rəqs kollektivləri, o cümlədən “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupunun ifaları festival iştirakçılarına xoş anlar bəxş etdi.
Qeyd edək ki, mart ayının sonlarında start götürmüş festivala may ayında yekun vurulacağı planlaşdırılır.