30.04.2019
Aprelin 30-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib. Masallı rayon Mədəniyyət Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, mədəniyyət işçiləri, ziyalılar, kollec tələbələri və digərləri iştirak edirdi.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, İ. Nəsiminin Azərbaycan klassik ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olduğunu, öz yaradıcılığı ilə orta əsrlər poeziya ənənələrinə davam etdirdiyini, onun gözəl nümunələrini yaratdığını qeyd etdi. O, həmçinin bildirdi ki, yaradıcılığı ilə bütün Yaxın Şərq regionunda sevilən Nəsimi, həm də Azərbaycan-türk dilində şeirlər yazan ilk şairlərdən biri olmuşdur. Bu baxımdan, böyük şairin türkdilli yaradıcılığı Azərbaycan-türk ədəbi-bədii dilinin inkişafında yeni bir mərhələ sayılmalıdır.Şairin yubileyinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən söz açan V. İsmayılov, vurğuladı ki, ölkə rəhbərinin müvafiq Sərəncamları ilə 2019-cu il ərzində İ. Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, eyni zamanda 2019-cu ilin “Nəsimi İli”elan olunması böyük şairin ölkə ictimaiyyətinə daha yaxından tanıdılması, ədəbi irsinin tədqiqi və təbliği işinə böyük töhfə verəcəkdir.
Masallı rayon Mərkəzi Kitabxanasının direktoru Ələddin Nəzərov şairin əsərlərinin elmi tədqiqi və dərc olunması problemlərinə toxunaraq, qeyd etdi ki, İ. Nəsiminin yaradıcılığına maraq XX əsrin əvvəllərinə təsadüf edir. Məhz, bu dövrdən başlayaraq bir sıra ədəbiyyatşünas alimlər və ədəbi xadimlər şairin yaradıcılığı ilə yaxından tanış olmuş, əsərlərini tədqiq etmiş, nəşrə hazırlamışlar. Şairin əsərlərinin bədii-estetik xüsusiyyətlərindən söz açan Ə. Nəzərov, onu da bildirdi ki, bir sıra ölkələrin, o cümlədən İran, Türkiyə və digər dövlətlərin kitabxana və fondlarında şairin əsərlərinin orijinal əlyazma nüsxələri bu gün də qorunub saxlanılmaqdadır.Bu baxımdan, şairin əlyazmalarının ölkəmizə gətirilməsi və öyrənilməsi ölkəmizdə Nəsimişünaslığın inkişafınaböyük təkan verə bilər.
Masallı Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva isə, şairin həyatının bəzi qaranlıq və mübahisəli hesab olunan cəhətlərindən söz açdı. O, qeyd etdi ki, Nəsiminin doğum yeri, edamı və həyatının digər məqamları ilə bağlı həm ictimaiyyət, həm də elmi dairələrdə fikirlər uzun müddət müxtəlif olmuşdur. Lakin, son dövrlərdə aparılmış elmi tədqiqatlar şairin həyatı və yaradıcılığının az öyrənilmiş, bəzi hallarda təhrif edilmiş məqamlarına işıq tutmuşdur.
Daha sonra çıxış edənlər İ. Nəsiminin əsərlərindəki dini-fəlsəfi fikirlər, o cümlədən hürufilik dünyagörüşünün müddəaları, Divanları və anadilli ədəbiyyatın inkişafındakı roluhaqqında ətraflı söhbət açmış, şairin həyat və yaradıcılığının digər maraqlı məqamları ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.