25.08.2025
Avqustun 25-də Masallı Rayon Mərkəzi Kitabxanasında Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov şairin zəngin yaradıcılıq irsindən, Azərbaycan poeziyasına verdiyi töhfələrdən və onun milli ədəbiyyatımızda tutduğu mötəbər yerindən bəhs edib. O, Fikrət Qocanın yalnız bir şair kimi deyil, həm də ictimai xadim kimi fəaliyyətini, gənc yazarların yetişməsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində Fikrət Qocanın poeziyasının əsas mövzularından, onun vətənpərvərlik ruhunda yazdığı şeirlərindən danışıb. O, şairin əsərlərində insanın daxili dünyasının, mənəvi gözəlliklərin və milli dəyərlərin yüksək poeziya dili ilə əks olunduğunu bildirib. Arzu Hüseynova, həmçinin Fikrət Qocanın müxtəlif illərdə çap olunan kitablarından nümunələr gətirərək onun yaradıcılıq üslubunun sadə, anlaşıqlı, lakin dərin məzmunlu olduğunu vurğulayıb.