22.08.2025
Avqustun 22-də Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lerik şəhər Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Xalq şairi, görkəmli ədib, ədəbiyyatımızın nəhəng simalarından biri olan Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə "Sözün Bəxtiyarı-Milli poeziyanın zirvəsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov şairin zəngin irsi, çoxşaxəli yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə geniş məlumat verib. O, həmçinin Bəxtiyar Vahabzadə ilə bağlı şəxsi xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, şairin insanlıq, vətənpərvərlik və elmə verdiyi dəyərlərdən danışıb.
Daha sonra Lerik şəhər Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Şəlalə Ağayeva çıxış edərək Bəxtiyar Vahabzadənin kitabxanada qorunan əsərləri haqqında məlumat verib. O, kitabxanadakı nüsxələrin gənc oxucular və ədəbiyyatsevərlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və həmin kitabların tədbir iştirakçılarına təqdimatını edib.
Çıxışlarda Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ictimai fikrində tutduğu yer, milli kimliyin qorunmasında, azadlıq və müstəqillik ideyalarının təbliğindəki müstəsna xidmətləri qeyd olunub. Şairin yaradıcılığına həsr olunmuş maraqlı müzakirələr aparılıb.
Sonda vurğulanıb ki, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi gənc nəslin milli ruhda formalaşması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və Azərbaycan mədəniyyətinin inkişafı baxımından daim aktuallığını qoruyacaq.