22.08.2025
Avqustun 22-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə əməkdaşlığı altında böyük şair, görkəmli maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə tədbir keçirilib.
"Seyid Əzim- Sözlə kamilliyə yol" mövzusunda keçirilən maarifləndirici tədbirdə mədəniyyət işçiləri və gənclər iştirak edib.
İlk öncə Azərbaycan ədəbiyyatının inkişafında rolu olan bütün ədiblərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova ədəbiyyat tariximizin inkişafında mühüm rol oynamış görkəmli ədib və filosof Seyid Əzim Şirvaninin ədəbi-bədii irsindən söz açıb. Qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə və dini etiqadın xüsusi yer tutduğunu diqqətə çatdıran alim, şairin öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə etdiyini vurğulayıb.
Sonra Kitabxananın əməkdaşı Arzu Hüseynova şairin həyat və yaradıcılığı haqqında geniş məruzə edib.