Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

10 Milyonluq ölkəmizlə irəli!

07.04.2019

Bu gün (7 aprel) Masallıda rayon İcra Hakimiyyəti və Masallı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə “10 milyonluq ölkəmizlə irəli!” adlı konsert proqramı keçirilib. Bayraq Meydanı və ASAN Həyat kompleksində başlayan konsert tədbiri, axşam saatlarında şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkında davam etdirildi. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, rayon ziyalıları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını, eləcə də körpənin valideynlərini təbrik etdi. Xalqımıza rifah və səadət arzu edən R. Hüseynov, ölkəmizin və xalqımızın daim xoş günlərə, qələbələrə layiq olduğunu bildirdi. Sonra tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri, o cümlədən Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov və paytaxtdan təşrif buyurmuş Əməkdar artist Səidə Şərifəliyeva, “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupunun rəngarəng ifaları tədbir iştirakçılarına xoş anlar bəxş etdi. Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vuruldu.