Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əlibaba Məmmədov-95

06.02.2025

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Əlibaba Məmmədovun anadan olmasının 95 illiyi ilə əlaqədar “Əlibaba Məmmədov-95” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədovun həyat və yaradıcılığı haqqında danışaraq onun orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məhşur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsilini aldığını və mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələndiyini bildirib.

Sonra kitabxananın digər əməkdaşı Mərdan İsgəndərov məruzəsində Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədovun milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdan olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, o, hələ gənc yaşlarından yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirmişdir. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutmuşdur. Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailliyyətlərinə görə Əlibaba Məmmədov bir çox ali mükafatlara, Xalq artisti fəxri adına və Prezident təqaüdünə layiq görülmüşdür.