03.02.2025
Fevralın 3-də gənclərin vətənpərvərlik, dövlətçilik, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onların milli və beynəlxalq səviyyədə inkişafına təkan vermək, milli dəyərlərə bağlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, eyni zamanda sağlam həyat tərzini təşviq etmək məqsədi ilə Lerik Rayon İcra Hakimiyyətinin, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda “Azərbaycan gəncliyi; suverenlik, inkişafa doğru gedən yol” adlı forum keçirilib.
Zona Forumunda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran Regional “Asan xidmət” mərkəzinin rəisi Əmir Əfəndiyev, Lənkəran KOB Dostu Rahib Cəbiyev, “Azərbaycan Beynəlxalq Bank”ın Lənkəran filialının rəhbəri Rövşən Abbasov iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasətin müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Eyni zamanda çıxış edənlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan gəncliyi günü gündən inkişaf edən ölkəmizdə bütün sahələrdə fəallığı ilə fərqlənir, İlham Əliyev gücü və iradəsi ilə qurulmuş, ərazi bütövlüyü tam təmin olunmuş Vətənimizdə xoşbəxt, firavan yaşayırlar. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı işlər gəncləri ümumbəşəri dəyərlərə hörmət ruhunda inkişafına istiqamətləndirir.
Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanda gənclər siyasəti və suverenlik mövzularını əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə regionda gənclər sahəsində ictimai fəallığı ilə fərqlənən bir qrup gənc Lerik Rayon İcra Hakimiyyətinin başçısının, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran – Astara Regional Təhsil şöbəsinin Fəxri Fərmanları ilə təltif ediliblər.
Mükafatlandırmadan sonra "Azərbaycan suverenliyi və gənclərin roluna baxış" mövzusunda panel müzakirələr keçirilib.
Tədbir gənclərin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.