Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 yanvar-tariximizin qəhrəmanlıq səhifəsi

17.01.2025

Yanvarın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “20 yanvar-tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə 20 yanvar faciəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rafiq Əlihəsənov adına şəhər 1 saylı orta məktəb şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 20 yanvar günü Azərbaycan xalqının şərəfli tarixinə şəhid qanları ilə bərabər qırmızı hərflərlə yazılan əsl qəhrəmanlıq aktıdır. Düz 35 il öncə Bakıda və digər bölgələrdə yüzlərlə fədakar soydaşımız qiymətli canları bahasına xalqımızın 70 illik müstəqil dövlət qurmaq niyyətini tarixi gerçəyə çevirdilər.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva vurğulayıb ki, 1990-cı il 20 yanvar hadisələri Sovet imperiyasının 200 il davam edən müstəmləkə siyasətinə, həmçinin keçmiş SSRİ rəhbərlyinin Dağlıq Qarabağda erməni separatizminə dəstək verməsinə etriaz edən Azərbaycan xalqının azadlıq istəyini susdurmaq cəhdi idi. M.S.Qorbaçovun qanlı əlləri ilə dinc nümayişçilərə qarşı imza atdığı hərbi müdaxilə qərarı azadlıqsevər xalqımızı kölə taleyi ilə barışdırmaq və müqavimətini tamamilə qırmaq məqsədi daşıyırdı. Faciəvi 20 yanvar gecəsi xalqımız 130-dan çox vətənpərvər oğul və qızlarını istiqlal mübarizəsində qurban versə də,

şəhidlərin qanı yerdə qalmadı. Həmin gecə ki, Azərbaycan xalqı fədakar övladları arasından çoxsaylı qurbanlar verib sovet boyunduruğundan birdəfəlik xilas oldu.

Məktəbin kitabxanaçısı Gülayə Abbasova çıxışında qeyd edib ki, 20 yanvar günündə çoxsaylı vətəndaşlarımız müstəqil dövlətçilik və azadlıq ideyasının gerçəkləşməsi uğrunda canlarını çəkinmədən fəda edərək həmin günü 70 illik sovet imperiyasının dəfn gününə çevirdilər. Hər bir azərbaycanlı 20 yanvar faciəsində dövlət və millət yolunda həlak olan soydaşlarımızı heç zaman unutmur, onların əziz xatirəsini ildönümlərində izdihamlı şəkildə qeyd edir. Sonra məktəbin şagirdi Kərim Kərimli 20 yanvar şəhidlərinə həsr olunmuş şeir oxuyub.Tədbirin yekununda 20 yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.