Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda anım tədbiri keçirilib

17.01.2025

Yanvarın 17-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektoru birgə 20 yanvar faciəsinin anım günü ilə əlaqədar tədbir keçiriblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqının SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil olmuş, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilmişdir.

Sonra Mərkəzin əməkdaşı “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda mühazirə ilə çıxış edərək bildirmişdir ki, o zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.

Sonda Mərkəzin film otağında “ 20 Yanvar. Danışan talelər” adlı sənədli film nümayiş olunub.