Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

17.01.2025

Yanvarın 17-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Peşə məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə 20 Yanvar və torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə kitabxananın direktor əvəzi Mehman Xanızadə çıxış edərək tədbirin mahiyyəti haqqında qısaca məlumat verib.

Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Ayaz Əliyev geniş məruzə edərək qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

Sonra Peşə məktəbinin müəllimi Fikrət Səfərov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

20 Yanvar hadisələrinin canlı iştirakçısı Eldəniz Həsənov şahidi olduğu hadisələr haqqında xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən foto-stend və kitab sərgisinə baxış keçiriblər.