Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar-Azadlığın zirvə günü

16.01.2025

Yanvarın 16-da Astara Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığın zirvə günü“ adlı tədbir keçirilib.

Tədbirdə Astara rayon Çayoba kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin Kiçik-elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Bu tarix Azərbaycan xalqının yaddaşında qanlı yanvar kimi qara həriflərlə həkk olundu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqınının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinədaxil oldu.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb etdi.

Ümummilli Lider Heydər Əliyev bütün dünyaya elan etdi ki, “Azərbaycanın Dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”. 20 Yanvar faciəsindən əsrlər keçsədə heç zaman unudulmayacaq, gələcək nəsillərin yaddaşında əbədi qalacaqdır.

Sonra mövzu ətrafında çıxışlar olub və şagirdlərlə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda şagirdlər muzeyə ekskursiya ediblər