04.12.2024
Dekabrın 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı təhsil sektorunun birgə təşkilatçılığı ilə “Erkən nikah və onun fəsadları“ mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Ə. Bəylərbəyov adına Xıl tam orta məktəbində yeniyetmə və şagirdlərinin düzgün istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri, ziyalılar, valideynlər, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva dünyada və Azərbaycanda günümüzün aktual problemlərindən biri olan, hər birimizi narahat edən erkən nikah və onun baş verməsinə yol açan səbəb və fəsadlar haqqında geniş danışaraq problemin həlli istiqamətində ailə və cəmiyyət birliyinin vacibliyini xüsusi qeyd edib
Sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin müdiri Elvin Hüseynli, Ombudsman Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov və məktəbin direktor müavini Zahid Fətullayev Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri, respublikada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırması və erkən nikahın qarşısının alınması, ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmələrdən söhbət açıb, bu kimi problemlərin aradan qaldırılması istiqamətində yeniyetmələrə tövsiyələr veriblər.