04.12.2024
Dekabrın 4- də Astara rayon Heydər Əliyev Mərkəzində 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin baş fond mühafizi Elza Kazımova çıxış edərək qeyd etmişdir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.