04.12.2024
Dekabrın 4-də Masallı rayon Heydər Əliyev Mərkəzində 12 dekabr Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan “İz” sənədli filminin nümayişi keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva açaraq qonaqlara film haqqında ətraflı məlumat verib.D.İbayeva bildirib ki, “İz” sənədli filmi 2023 cü il Heydər Əliyev Fondu tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində çəkilmişdir.
Filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Ekran əsərinin adı Ulu Öndərin
“Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrindən irəli gələrək seçilib. Bu baxımdan filmin ideyası Ümummilli Liderin müasir Azərbaycan tarixində qoyduğu izi ehtiva edir.
Qeyd edək ki,filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub və Ulu Öndərin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Ekran əsərində Ümummilli Liderin həyatı, Vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.