06.12.2024
Dekabrın 6-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Vətəni ürəkdən başlayıb şəhidliklə bitən igidlərimiz” adlı anım tədbiri keçirilib.
Şəhid Ramiz Cəfərov, Natiq Həşimov və Vüsal Məhərrəmovun yubiley günləri ilə əlaqədar keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak edib.
İlk öncə vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı müharibədə qazandığı möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu xüsusi qeyd edib.
Sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə Birinci Qarabağ müharibəsi şəhidi Natiq Həşimov, Vətən Müharibəsi şəhidləri Ramiz Cəfərov və Vüsal Məhərrəmov kimi qəhrəmanımızın qısa, lakin şərəfli, hər gənc üçün örnək olan ömür yollarından danışıb.
Daha sonra qalereyanın direktor əvəzi Təhmasib Məcidov Vətənin azadlığı uğrunda canından keçmiş layiqli övladlar tərbiyə etdiklərinə görə şəhidlərin valideynlərinə ehtiramını ifadə edərək nə qədər Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var şəhidlərin adlarının əbədi yaşayacağına, xatirələrinin əziz tutulacağını vurğulayıb.
Yekunda tədbir iştirakçıları muzeydə şəhidlərə aid eksponatlar nümayiş olunan bölməyə baxış keçirərək xatirə şəkilləri çəkdiriblər.