02.12.2024
Dekabrın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyəti, Mərkəzi Kitabxana, Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı və Masallı şəhəri “Günərzi Qayğı Mərkəzi”nin dəstəyi ilə 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr edilən “Yaşadırıq və Yaradırıq“adlı tədbir keçirilib.
Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri , ziyalılar, əlil şəxslər, sağlamlıq məhdudiyyətli uşaqlar və valideynləri , mətbuat ,mədəniyyət işçiləri iştirak edib.
İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi hörmətlə yad edilib.
Çıxışlarda ölkədə həssas təbəqədən olan ailələrlə psixososial iş aparmaqla yanaşı xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailə üzvlərinin cəmiyyətə inteqrasiyası məqsədilə onlarla aktiv, ünsiyyət və incəsənət terapiyaları aparılmasından, həmçinin onların psixoloji konsultasiya xidmətlərinə cəlb edilməsi ,əlillik probleminin erkən yaşda aşkarlanması, sağlamlıq imkanları məhdud olan şəxslərə , onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması məqsədilə aidiyyati qurum və təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən söhbət açılıb.
Sonra fiziki qüsurlu uşaqların valideynləri bu gün ölkəmizdə sağlamlıq məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısından danışaraq onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Yekunda tədbir iştirakçıları fiziki məhdudiyyətli Sədaqət Məhərrəmova, Fidan Şahverdiyeva, İbrahim İmanov, Çinar Hüseynzadənin əl işlərilə tanış olublar.