11.11.2024
Noyabrın 11-də Masallı rayon Mərkəzi Kitabxanasında 12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar “12 Noyabr - Konstitusiya Günüdür” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. O, çıxışında vurğulayıb ki,1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Gülər Kərimova Konstitusiyanın aliliyindən, xalq və dövlət üçün zəruri olmasından söz açıb. Qeyd olunub ki,Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında demokratik quruluşlu dövlətimizin bütün sahələrini əks etdirən mənəvi və humanist ideyalar, hüquq və azadlıqlar qanun şəklində öz əksini tapmışdır.Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Konstitusiyanın qəbulu cəmiyyətin və dövlətin həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.