Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 8Mart Beynəlxalq Qadınlar Günü yüksək səviyyədə qeyd olundu

07.03.2019

7 mart 2019-cu il tarixdə Masallı şəhərində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, ziyalılar, QHT nümayəndələri, eləcə də rayonun ictimai həyatında fəal iştirak edən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan xanımlar, şəhid anaları və digərləri iştirak edirdi. İlk olaraq, çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bütün Azərbaycan xanımlarını təbrik etdi və qeyd etdi ki, bu gün Azərbaycan xanımları müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir: “Sevindirici haldır ki, bu gün ölkəmizdə ictimai həyatın bir çox sahələrində xanımlar fəal iştirak edir və müvəffəqiyyət qazanırlar, bu sıraya heç şübhəsiz, Masallı xanımları da daxildir”. R. Hüseynov Masallıda son zamanlar xanımların iş, təhsil və digər sahələrə cəlb edilməsi, eləcə də müvafiq sahələrdə qazanılmış uğurlardan söz açdı: “Masallıda xanımların məşğulluq pobleminin həlli istiqamətində bir sıra tədbirlər görülmüşdür. Hazırda Masallının müxtəlif kəndlərində yaradılmış yeni iş yerlərində xanımlar çalışır, fəaliyyət göstərirlər. Eyni zamanda, Masallıda elə xanımlar vardır ki, onlar daha böyük biznes strukturlarında, dövlət müəssisələrində çalışır, uğur qazanırlar, bu, əlbəttə ki, bizi sevindirir”. R. Hüseynov çıxışının sonunda rayonda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən xanımları “fəxri fərman” və qiymətli hədiyyələrlə təltif etdi. Sonra, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov xanımları təbrik etdi. O, Masallı xanımlarının son illərdə təhsil sahəsində göstərdikləri uğurlu fəaliyyətə görə onlara təşəkkürünü bildirib,bu sahədə fərqlənən bir sıra xanımları “fəxri fərman” və qiymətli hədiyyələrlə təltif etdi. Daha sonra çıxış edən Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsini rəisi, polkovnik-leytenant Vəli Rzayev xanımları təbrik edib, müvafiq sahələrdə uğurla çalışan bir sıra xanımları, eləcə də şəhid analarını hədiyyələrlə təltif etdilər. Digər çıxış edənlər – xanım QHT nümayəndələri, təhsil işçiləri, şəhid anaları qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova dərin təşəkkürlərini bildirdilər. Tədbir Masallı rayon N. Gəncəvi adına Mədəniyyət Mərkəzinin incəsənət ustalarının – rəqs və musiqi kollektivlərinin maraqlı çıxışları ilə yekunlaşdı.