07.11.2024
Noyabrın 7 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı və Lənkəran -Astara Regional Təhsil İdarəsi Masallı rayon üzrə təhsil sektorunun dəstəyi ilə Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tarix dərsi keçirilib.
Z. Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində keçirilən tarix dərsində məktəbin VII-VIII sinif şagirdləri iştirak edib.
İlk öncə vətənin azadlığı , bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Zəfər günü və Dövlət Bayrağı günü ilə bağlı keçirilən tarix dərsində çıxış edən muzeyin əməkdaşları Nazənin Heydərzadə və Talib Qəzənfərli hər iki əlamətdar günün tarixi mahiyyəti, Zəfər Günü ilə bağlı faktları, bölgəmizin şəhid olan qəhrəmanları haqqında geniş məlumatları şagirdlərin nəzərinə çatdıraraq bu əlamətdar günlərin gənclərdə vətənpərvərlik ruhunun aşılanması baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.