08.11.2024
Noyabrın 8-də “Zəfər Günü” münasibəti ilə Lerik rayon Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Lerik Dövlət Rəsm Qalereyasının Mədəniyyət Mərkəzinin foyesində təşkil etdiyi və qələbəmizə həsr olunmuş “Zəfər dastanı” adlı sərgiyə baxış keçiriblər.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasov çıxış edərək “8 Noyabr-Zəfər Günü”nün Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı olduğunu bildirib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, Vətən müharibəsi iştirakçısı Raqil Bayramov və digərləri çıxış edərək bayram münasibəti ilə təbriklərini çatdırıblar.
Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşunaslıq Muzeyinin birgə hazırladığı möhtəşəm konsert proqramı ilə davam edib.