06.11.2024
Noyabrın 6-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbində “Möhkəm ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin VIII sinif şagirdləri iştirak ediblər.
Kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, hər bir dövlətin gələcəyi üçün möhkəm ailə institutunun mövcudluğu vacib amildir.Azərbaycan öz dövlətçiliyini yalnız iqtisadi, siyasi, hərbi və s. təməllər üzərində deyil,həm də ilk növbədə kiçik dövlət adlandırılan ailə modeli üzərində qurur.
Sonra kitabxananın əməkdaşı Gülər Kərimova məruzə edərək vurğulayıb ki,ölkəmiz yaxın tarixdə Qarabağın azad edilməsi ilə başlayan Zəfər salnaməsinin yazıldığı dövrə qədəm qoyub. Hər bir azərbaycanlının uzun illər ən başlıca arzusu olmuş Qarabağın işğaldan azad olunması nəticəsində “qaçqın və məcburi köçkün ailəsi” ifadəsi onların üzərindən götürüldü. Xalqımızın ailə sahəsində onilliklərlə mövcud olan probleminin həll edilməsi ilə vaxtilə qaçqın adını daşıyan ailələrdə nikbinlik yaranıb.Qeyd olunub ki, hazırda dünya geniş vüsət almış münaqişə və gərginlik ocaqları, miqrasiya, qlobal istiləşmə, pandemiya və digər proseslər ailə institutuna böyük təhdidlər yaradır.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyə qabil, mənəvi cəhətdən möhkəm ailə institutunun qorunması dünyanın indiki narahat vaxtında təxirəsalınmaz vəzifə kimi gündəmdə saxlanılmalıdır.