Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əziz Şuşa, sən azadsan!

06.11.2024

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq noyabrın 6-da Astara rayon Heydər Əliyev Mərkəzində Şuşa şəhəri gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları, Astara şəhər R.Camalov adına 7 saylı və Şahağacı kənd 2 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa şəhəri günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Sonra “Övladlarına qovuşan Şuşa” mövzusunda film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.