05.11.2024
Masallı rayon Heydər Əliyev Mərkəzi,Masallı rayon Tarix-diyarşünaslıq muzeyi,Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı,Masallı rayon İcra Hakimiyyəti,Masallı şəhər Onbirillik İncəsənət məktəbi,Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektoru və Masallı Dövlət Regional Kollecin təşkilati dəstəyi ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər,mədəniyyət,təhsil işçiləri və gənclər iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direkoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.D.İbayeva bildirib ki,Vətən müharibəsində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cəmi 44 gün tab gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.Müharibənin kulminasiya nöqtəsi heç şübhəsiz noyabrın 8-də Qarabağın incisi - Şuşanın düşmən işğalından azad edilməsi oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu, ata vəsiyyətini yerinə yetirdi. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Çünki Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı.
Sonra 44 günlük Vətən müharibəsində böyük hünər və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş vətən oğlu Sübhan Həsənovun anası Ülkər xanım oğlunun döyüşlərdə göstərdiyi şücaətdən, Şəhid Cəbrayıl Qasımovun atası Baloğlan Qasımov oğlunun və hərbiçilərimizin cəsarətindən, qəhrəmanlığından və keçdikləri şərəfli döyüş yolundan söhbət açıb.
Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, Masallı rayonu üzrə Gənc Qazilər İctimai Birliyinin sədri Bəxtiyar Salayev çıxış edərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasından geniş danışıblar.
Sonra isə Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində,Xüsusi Təyinatlı Qüvvəllərdə Murovdağdan Şuşaya kimi şanlı döyüş yolu keçmiş,hazırda Öncəqala kənd tam orta məktəbin hərbi rəhbəri ,“Qarabağ və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunmuş Ehtiyatda olan Qazi komandir Nazim Cəfərzadə,Şuşa sakini S.Tağıyev adına Şəhər 4 saylı məktəbin hərbi müəllimi Rafiq Abbasov, I və II Qarabağ müharibəsi qazisi,Masallı rayon üzrə Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Cəmaləddin Məmmədov çıxışlarında Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını,onların göstərdikləri qəhrəmanlığın tarixdə əbədi qalacağını və bayrağımızın hər zaman zirvələrdə dalğalanacağını bildiriblər.
Tədbirin sonunda Masallı Dövlət Regional Kolleci tələbələrinin,Dəfinə liseyinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllim və şagird kolletivlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.