08.08.2017
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad rayonunda yenidənqurma işlərinə başlayıb.
Layihəyə uyğun olaraq, rayon mərkəzi və kənd elektron ATS xətlərinin müasir texniki normalara çatdırılması məqsədilə köhnə avadanlıq istismardan çıxarılır. Yenidənqurma işləri nəticəsində ATS-lərin port tutumu da artırılacaq. Hazırda rayon üzrə telefon xətlərinin yenilənməsi və yeni rabitə xətlərinin çəkilməsi prosesi davam etdirilir.
Cəlilabad şəhərində 2100 metr zədələnmiş yeraltı kabellər yeni və keyfiyyətli kabellərlə əvəz olunub, xətlərin yüksək ötürücülük qabiliyyəti bərpa edilib.
Şəhərin mərkəzi küçələrində abunəçilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə 200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, 100 yeni abonentin yeni çəkilmiş xətlərə qoşulması təmin edilib.
Rayon mərkəzi ilə paralel olaraq, kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndində rabitə xətlərinin texniki normalara çatdırılması və əlavə olaraq 50 abonentlik telefon xəttinin çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb.
Tərtib edilmiş iş planına uyğun olaraq, Muğan kəndində əlavə 100, Alar kəndində 50, Qarazəncir kəndində isə 20 yeni xətt şəbəkəsinin çəkilməsi başa çatdırılıb. Adnalı və Üçtəpə kəndlərində də şəbəkənin genişləndirilməsi və təmir bərpa işləri aparılır.
Cəlilabad Rayon Telekommunikasiya Qovşağının əsaslı təmiri və müasir standartlara cavab verən avadanlıqla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Qovşağın üçmərtəbəli inzibati binasının əsaslı təmirdən sonra gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.