31.10.2024
Oktyabrın 31 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçılarının tanıdılması məqsədilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində tədbir keçirilib.
İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbində keçirilən tədbirdə qazilər, mədəniyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hakim Qurbanov belə görüşlərin yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını qeyd edərək, qazilərlə canlı görüşlərin əhəmiyyətindən danışıb.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun erməni qəsbkarları üzərində qazandığı böyük qələbənin gedişatı və bu müharibəyə könüllü olaraq qoşulub şanlı tarix yazan vətən oğulları Orucov Elşən, Məmmədov Vüsal, Həsənov Pərvin, Abdullay Abdullayev Asif, Hüseynzadə Əbəlfəz, Əlirzayev Orxan, Qəzənfərli Talib, Cabbarov Rövşən, Səfərəliyev Rəvan, Əmiraslanov Əbdülmütəllimin həyat və döyüş yolu haqqında məlumat verib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi qazisi Talib Qəzənfərli bildirib ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi onlara döyüşdə dözmək üçün güc verib. Qəhrəman qeyd edib ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi.