30.10.2024
Oktyabrın 29-da Masallı rayon Mərkəzi Kitabxanasında inqilabçı şair Əli Tudənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova bildirib ki, Əli Tudə milli ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, məşhur ictimai-siyasi xadim, inqilabçı kimi tariximizdə iz qoyan şəxsiyyətlərdəndir.
Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov məruzə ilə çıxış edərək vurğulayıb ki,Əli Tudə ədəbiyyata gənc yaşından gəlsə də, poetik yaradıcılığı mübarizə meydanlarında çətinliklərə sinə gələrək daha da güclənmişdir.
Qeyd olunub ki, Cənubi Azərbaycanda qurulan Milli Hökümət süqut etdikdən sonra öz vətənində siyasi mühacir həyatı yaşayan istiqlalçı şair dünya azərbaycanlılarının yaddaşında azadlıq carçısı kimi xatırlanır. Əli Tudə inqilabi fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla məşğul olmuş,bir çox dəyərli əsərlərə imza ataraq Azərbaycan əbədiyyatının zənginləşməsində pay sahibi olmuşdur. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 50 poema, 60 kitabın müəllifi olan Əli Tudə yaradıcılığını dərindən öyrənmək və ədəbiyyatsevərlər arasında təbliğ etmək vacibdir.