Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən qürub edən istedad

22.10.2024

Oktyabrın 22-də Masallı rayon Mərkəzi Kitabxanasında dramaturq, bəstəkar Ərtoğrul Cavidin anadan olmasının 115 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, Ərtoğrul Cavid Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, 1937-ci il repressiyasının qurbanı Hüseyn Cavidin oğlu və mənəvi davamçısı olub. Cəmi 24 il ömür sürməsinə baxmayaraq, zəngin və rəngarəng yaradıcılığı sayəsində ədəbiyyat və musiqi sahəsində özünəməxsus üslubu ilə fərqlənib.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov vurğulayıb ki, atası kimi milliliyə, tarixi keçmişimizə hörmət və ehtiram, sevgi onun da tale yazısı kimi alnına yazılmışdı. Sovet ideologiyasının qadağalarına baxmayaraq, milli ideyanı təbliğ etmələrinə görə “xalq düşməni” olmaqda ittiham edilən Cavid ailəsi öz həyatları bahasına tarixdə milli düşüncə adamı kimi qaldılar.

Qeyd olunub ki, ilk dəfə 1927-ci ildə 8 yaşında ikən əlinə qələm götürən Ərtoğrul 1939-cu ildə “İspan qadının dilindən” adlı layla yazıb. Musiqi janrında fortepiano üçün “Doqquz variasiya”, “Skripka və fortepiano üçün poema”, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N. Rəfibəylinin “Eşq olsun” və s. şeirlərinə bəstələdiyi romans və mahnılar, ədəbi-bədii yaradıcılıq sahəsində “Eqoistin taleyi” adlı pyesi Ərtoğrul Cavidin böyük istedad sahibi olduğunun inkası idi.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, sovet repressiyası nəticəsində sürgündə xəstəlikdə dünyasını dəyişən Ərtoğrul Cavid ədəbiyyatımızın görkəmli nümayəndəsi kimi hörmətlə xatırlanır.