16.10.2024
Oktyabrın 16-da Astara rayon Heydər Əliyev Mərkəzində “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları və M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, başqaları üçün yaşamağı öyrənir.
Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur. Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta, bazar münasibətlərindən əvvəl meydana gəlib.
Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir.